Günay NovruzŞeirlər · 01.02.2014 · 525.az
Yenə gecədi, yenə ağrılarım var…
ağrıya hamiləyəm mən.
Səninlə ayrıldıq, yaxşı oldu,
Məni bu halda görməyini istəmirəm.
Hər an ağrıdan ağrı doğuram,
Sevgiyə ağrılarımla yoğruluram.
Gecə saat ikidi…
iki "aksenfort", iki "dikonim" içmişəm,
Deyəsən keyimişəm,
Daha məni sevməyini də istəmirəm.
Günorta sümüklərim yamanca ağrıdı…
həkimə getdim.
Qan analizinə yolladı məni,
Amma analizə getmədim.
Qorxuram səni…
qanımda taparlar səni.
Yaxşısı budu, dözüm ağrılara,
Yaxşısı budu, mən köçüm varaqlara
Cır at məni, uçum dağlara.
Hər gün ağrıdan ağrı doğunca,
Yoğrulunca beləcə sevgimə,
Sən də qanımla köç iliyimə.
İlk dərc: 525-ci qəzet — Günay Novruzun şeirləri ↗