Günay Novruz / Yaradıcılıq

Bəzi adamlar vəzifədən böyükdür…

İnsan haqqında yubiley yazısı yazmaq qəribə işdir. Adətən rəqəmlərdən başlayırlar: doğum tarixi, təhsil, vəzifələr, fəxri adlar, görülən işlər… Sonra bir neçə təbrik cümləsi vəssalam.

Amma bəzi adamların 60 yaşını yazanda adamın əlinə bioqrafiya yox, xatirələr gəlir. Rafiq Həşimov haqqında mənim də yazmaq istədiyim elə həmin xatirələrdir.

Mən Rafiq müəllimi uşaqlıqdan efirdən tanıyıram. Azərbaycan televiziyasının diktoru kimi izləmişəm. Amma onunla işləməyə başlayandan sonra Rafiq Həşimovu tamam başqa tərəfdən tanıdım: insan kimi, sənət adamı kimi, söz adamı kimi, əsl ziyalı kimi.

İnsanı vəzifəsi yox, münasibəti göstərir

Mən eyni vaxtda həm radio, həm televiziya ilə bağlı idim. Azərbaycan Radiosunda Rafiq müəllimin rəhbərliyi altında çalışdığım son dövr mənim üçün ən xoş, sakit və yaradıcılıq baxımından ən rahat dövrlərdən biri oldu. İşimi görürdüm, yazırdım, yaradırdım. Rafiq müəllim mənim zövqümə, işimə, yaradıcılığıma önəm verirdi. Məni ilk gündən sadəcə əməkdaş kimi deyil, qələm adamı, söz adamı kimi qəbul etmişdi.

Bu münasibətin qiymətini insan bəzən sonradan daha yaxşı anlayır.

Televiziyada isə mənim verilişim çox sevilirdi, reytinqlərdə ön sıralarda olurdu. Və qəribədir ki, bəzən yaxşı gedən işin qarşısına səbəbini özünün də bilmədiyi maneələr çıxırdı. Verilişlər dayandırılır, yenidən başlayır, sonra yenə başqa səbəblərlə qarşısı alınırdı.

Bunların təfərrüatını bu yazıya gətirmək istəmirəm. Çünki bu yazı Rafiq müəllimin yubiley yazısıdır və mən xüsusilə vurğulamaq istəyirəm: bunların heç birinin Rafiq Həşimovla əlaqəsi yoxdur.

Əksinə, mən Rafiq müəllimi ona görə bu qədər böyük hörmətlə xatırlayıram ki, həyatımın həmin çətin dönəmində o, məni necə insan kimi qarşılamışdısa, elə də insan kimi yola saldı — rəhbər kimi, şəxsiyyət kimi, ziyalı kimi.

Böyüklük bəzən sadəcə davranışdır

O zaman mənim haqqımda elə sözlər deyildi ki, insanın bunlara cavab verməyə belə həvəsi qalmır. Kiminsə övladının ölümünə sevindiyim kimi bir iddia ortaya atıldı. Mən həmin adam haqqında bu gün pis söz demək istəmirəm.

Allah köməyi olsun. Allah hidayət versin.

Bəlkə də insanın böyüklüyü elə ondadır ki, qarşısındakı insanın yaxşı tərəflərini görməyi öyrənsin. Heç olmasa Rafiq müəllim kimi böyüklərimizə baxsınlar.

Çünki Rafiq Həşimov təkcə diktor deyil. O, televiziyanın və radionun mətbəxindən gələn sənət adamıdır. Fəaliyyətinə montajçı kimi başlayıb, sonradan diktor, ssenarist, rejissor və müəllif kimi böyük yaradıcılıq yolu keçib. Efiri də bilir, montajı da, ssenarini də, rejissorluğu da, musiqini də, sözü də.

Sənətin həm görünən tərəfini, həm də mətbəxini bilir. Bəlkə də buna görə istedadı tanıyır və yaradıcı insanın zövqünə hörmət edir. Çünki mən radioda montajdan tutmuş aparıcılığa qədər verilişimdə hər zaman özüm çalışmışam.

Bir daha qeyd etmək istəyirəm ki, mənim üçün həmin dövr problemsiz, rahat və yaradıcılıqla məşğul olduğum bir zaman idi. Bəli, mən Rafiq müəllimi o zaman bir daha şəxsiyyət kimi tanıdım.

Bəzi adamlar vəzifədən böyükdür

Mənim dünyamda insanları vəzifəsi yox, tərbiyəsi və münasibəti fərqləndirir. Kişinin qadınla danışarkən qarşısındakı qadının yerini və dəyərini bilməsi, özünə sözün əsl mənasında çəki-düzən verməsi mənim üçün tərbiyənin göstəricisidir.

Rafiq müəllim mənim tanıdığım elə insanlardandır.

Ona görə düşünürəm ki, ömrümün sonuna qədər Rafiq müəllimə hörmətlə yanaşacağam. Çünki o, məni ilk gündə necə səmimiyyətlə qarşılamışdısa, son gündə də elə səmimiyyətlə yola saldı.

Mənim üçün onunla işləmək xoş idi. Çox xoş idi.

Və bu gün onun 60 illiyində haqqında yazarkən ən böyük təşəkkürüm də elə budur.

Bəzi adamlar vəzifə sahibi olurlar. Bəzi adamlar isə vəzifəsindən böyük görünürlər.

Rafiq müəllim mənim üçün ikinci adamlardandır.

60 yaşınız mübarək, Rafiq müəllim! Sizə möhkəm cansağlığı, uzun ömür və sözünüzə, sənətinizə yaraşan gözəl illər arzulayıram. Yolunuz açıq olsun.

Günay Novruz

← Ana səhifəyə qayıt

Günay Novruz / Yaradıcılıq

Əhməd Oğuz vəfat edib

Tanınmış şair, jurnalist Əhməd Oğuz 59 yaşında vəfat edib.

Özümə böyük bildiyim adam idi Əhməd müəllim. Hər dəfə məni görəndə “qayıt radio, sənin kimi gələcəyə ehtiyacımız var” deməkdən bezmirdi. Rəhmətlik yenidən radio qayıtdığıma görə məni dəfələrlə təbrik etmişdi. Veriliş qovluğun qol çəkdirmək üçün aparanda hər dəfə “sağ olsun rəhbərliyimiz ki, sənə və qələminə dəyər verdi” deyirdi. Sonuncu efiri mənim verilişimdə oldu. Canı ağrılı olmasına baxmayaraq “Bulaq”-dan və Məhluqə Sadıqovadan həvəs və xüsusi hörmətlə danışmışdı. İki gün öncə zəng etdim başqa bir veriliş üçün məsləhət etmək istədim, həmişəki kimi məsləhətin verdi və tez söz arası “verilişin də əla idi” dedi mənə. Allah sənə rəhmət etsin, Əhməd Oğuz.

Günay Novruz

 

 

 

 

← Ana səhifəyə qayıt

Günay Novruz / Yaradıcılıq

Diqqət diqqət Çörək qiyamı oldu

https://www.youtube.com/watch?v=c0jctRGpxw8

 

 

Harada? Deyirsinizsə yaxın oturun. Bəzilərinin bildiyi bəzilərinin isə bilmədiyi qiyamdan danışırıq. Sumaqayıtda… İnsanlar ac idi. Deyirlər ac adamın başında ağıl olmaz… Bütün şəhər ayaq üstə qalxmışdı. “1963-cü ilin payızında Sovetlər Birliyində Böyük oktyabr sosialist inqilabının 46-cı ildönümünə hazırlıq gedirdi. Bu hazırlıq prosesində Azərbaycan rəhbərliyi qarşısında kütləvi tədbirlər, parad və musiqili gecələr keçirilməsi tapşırığı qoyulmuşdu. Amma, ancaq, lakin, fəqət ölkədə bu tədbirə hazırlıq planı istənilən kimi getmirdi, Çünki ciddi çörək qıtlığı var idi”. Çünki İNSANLAR AC İDİ. Elə bil müharibə dövrü idi. Adamlar aclığa dözmür, adamlar haqqlı şəkildə hakimiyyətin üzərinə qalxırdı. Nəyinki Sumqayıtda “Bakı, Gəncə, Qarabağ və Naxçıvanda çörək ehtiyatı əhalini görmürdü. Gözməzdi də…-taxıl zəmiləri yerində qarğıdalı əkini əmri verilmişdi. O zaman Nikita Xruşova qarşı etiraz edən fəhlə-kəndli sinfi ilə yanaşı, ziyalı təbəqə də ayaq üstə idi.1963-ci il noyabr ayının yeddisində, Oktyabr inqilabının növbəti ildönümünə hazırlanmış nümayişdə Boru Prokat Zavodunun bir qrup fəhləsi əllərində Stalinin portretlərini tutaraq əsas dəstələrdən ayrılıb, şəhər rəhbərliyinin dayandığı tribunaya üz tutur və mədəniyyət evinin fasadından, Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atır. Milislər rezin zopaları işə salsalar da aksiyanın qarşısını almaq mümkün olmur. Bakı və digər yerlərdən əlavə polis qüvvələri çağrılır. Moskvadan dərhal aksiyanın nə yolla olursa olsun, dayandırlması əmri verilir. Aksiyanın miqyası genişlənsədi, Xruşovun hakimiyyətdən getməsi gündəmə mütləq ki, gələcəkdi. Sumqayıtda baş verənlərlə bağlı 11 noyabr 1963-cü il tarixdə açılmış çinayət işi müstəntiq Arutyunov tərəfindən yekunlaşdırıldıqdan sonra, 1964-cü il 8-dən başlanaraq 19 iyuna kimi davam edən Ali Məhkəmənin qapalı iclasında təqsirləndirilənlərə hökm oxunur. Çörək qıtlığına görə qiyam etdiyi üçün Miriş Əlimirzə və Səməndər İbrahimov 6 il, Yaşar Mahmudov və Nikolay Şevçenko 5, Ənvər Mahmudov 4, Asif Bayramov isə 3 il azadlıqdan məhrum edilir”. Beləcə Azərbaycan ratixinə “Çörək qiyamı” kimi həkk olunmuş bu hadisəni bilməyənlər üçün danışdıq. Yəqin bilənlər də tarixə səyahət etdi bizimlə birgə. Bizi gözələyin bildikləriniz və bilmədiklərinizi hələ çox danışmaq fikrindəyik. Danışan adam Günay Novruz

← Ana səhifəyə qayıt

Günay Novruz / Yaradıcılıq

Çox sağ ol, ata…-Zülfü Hacıyev haqqında

Məni dünyaya gətirən ana, ruhun şad olsun. Bu gün yenə atamla lap elə uşaqlıqda olduğu kimi gəzməyə çıxdıq. Atam ilk olaraq mənə “gedəcəyimiz ünvan haradır?” – deyə sual verdi. Yadında, anam, uşaqlıqda mən verərdim bu sualı. Dedim ki, ata, gəl ənənəni pozmayaq, fəxri xiyabana gedək və sən mənə yenə də tarixi şəxsiyyətlərimizi tanıt.

İlk addımımızı soy adımızın layiqli nümayəndəsi xalq şairi Cabir Novruz tərəfə atdıq. Bu xiyaban mənim ilk orta məktəbim olub desəm yanılmaram. Sonralar da Cabirimin yatdığı torpaq kimi sevmişəm bu məkanı. Bəlkə də çoxunuza təəccüblü gəlir ki, bu gənc insan niyə hansısa qəbristanlığı sevir. Əzizlərim, siz uşaqlarınıza əcdadlarınızın yatdığı torpağı mütləq tanıdın, tanıdın ki, onlar vətəni sevərək qorusunlar.

İlk dəfə mənim atam bu xiyabana gələndə “gəl gedək, bala, sənə şəhidlərimizin də məzarını göstərim“ demişdi. Buranın Şəhidlər Xiyabanına yaxın olduğunu düşünən uşaq Günay isə – gedək deyə düzəlmişdi xiyabanın qapısına doğru. Sən demə, atam şəhid deyib mənə göstərəcəyi Qarakənd faciəsində dünyasını dəyişmiş şəhidlərimiz imiş. Bu məzar daşlarının hər biri xalqımızın qeyrət obrazıdır. Jurnalist olmaq istədiyim uşaqlıq illərimdə, lap elə sonralar AzTV-də işləyəndə də mənə doğma olan həmkarlarım Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, haqqında məlumatlar toplayıb, verilişlər hazırlamışam. Hər dəfə bu şəhidlər haqqında danışanda düşünürdüm ki, görəsən atamın hər dəfə xiyabana gələndə məzarına mehriban addımlarla yaxınlaşdığı Zülfi Hacıyev kimdir? Sonralar el arasında onun haqqında olduqca müsbət fikirlər eşitdim.

Atamın yaxın münasibətdə olduğu bu şəxsiyyət sən demə doğulub boya-başa çatdığım Sumqayıt şəhərinin çox hörmətli rəhbərlərindən biri olub. Sumqayıt camaatını dilləndirəndə: “Allah o kişiyə qəni-qəni rəhmət eləsin, Sumqayıtda xeyir-şər evlərini o tikdirdi”- deyirlər. Sumqayıt əhlinin xeyirində və şərində rəhmət qazanan bu adamı bir az da yaxından sizə tanıtmaq keçir könlümdən.

Zülfü Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirib. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıdıb, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilib.

O, Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri, Naxçıvan Nazirlər Sovetinin sədri, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışıb, plenum üzvü, Ali və yerli sovetə deputat seçilib. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Zülfü Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt, həm də, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin üzvü olub, son vaxtlar isə həmin komitəyə sədrlik edib.

O həmçinin “Qırmızı Əmək Bayrağı” ordeni, “Xalqlar Dostluğu” ordeni, “Şərəf Nişanı” ordeni, Azərbaycanın əməkdar inşaatçısı adlarını da hələ sağikən qazanıb. Ölümündən sonra ürəklərdə gözəl insan kimi qalan Zülfi Hacıyev həm də, yaddaşlarda xalqının qəhrəman oğlu kimi qalıb. Bu gün də Sumqayıtda on dörd il işlədiyi trest, tikdirdiyi on beş orta məktəbdən biri, saldırdığı ən geniş, yaraşıqlı küçələrdən biri onun adi ilə bağlıdı.

Həmcinin Sabirabadda bir orta məktəb və Gəncə şəhərində küçələrdən biri onun adını daşıyır.

Bu gün atam Novruzov Novruzqulu kişi məni daha bir dahi şəxsiyyəti bir az da olsa yaxından tanımağa və tanıtmağa sövq etdi. ÇOX SAĞ OL, ATA.

https://youtu.be/hGebldfxd0g

Günay Novruz

← Ana səhifəyə qayıt

Günay Novruz / Yaradıcılıq

Müəllimim Akif Aşırlı

“Müəllim” deyə xitab etdiyim çox adamlar var. Hamısı da yaxşı adamlardı. Məni tanıyanlar bilir heç kimə məcburam diyə üzgörənlik etmirəm. Kimi isə özümə böyük ya da dost sayıramsa o adam mənim şəxsiyyətimə hörmət edən adamdı. Və beləcə qarşılıqlı hörmətlə salam verib, salam alıram “müəllim” dediyim kəslərdən. Həm də illərdi ki, həyatım bu meydanda beləcə davam edir. Məktəb illərindən məkbuatda çıxışlar etməyimə baxmayaq, yazarların içində olmağıma baxmayaraq mən bu meydana ilk addımlarımı peşəkar olaraq tələbəlik illərindən atmışam. Yəni özüm belə hesab edirəm. Məncə bu hesabımda da yanılmıram. Mən jurnalistika fakültəsində sözün əsil mənasında peşəkarlardan dərs almışam. Uşaqlıqdan özümü jurnalist hesab etdiyimdən o peşəkarları aditoriyada görəndə sanki PEYĞINBƏRimi gördüm kimi sevinmişəm. Tələbəlik günlərimdən birində auditoriyamızın qapısını ən çox oxuduğum qəzetin baş redaktoru açdı. Bu qəzetin mən məktəb illərindən (anamın adına idi abunəlik)  abunəsi idim. Bu qəzet mənə əvvəl adına görə sonra isə içindəki yazılara görə doğma idi. Tələbə yoldaşlarımın əksəriyyəti Akif müəlimi tanımadı. Biz oxuyan illərdə jurnalistika fakültəsinə qəbiliyyət imtahanı yox idi. Və qəbul olan tələbələrin əksəriyyəti də jurnalistikadan uzaq tələbələr idi. Onların əksəriyyətinin Akif Aşırlını tanımaması bəlkə də təbii hal idi. Mən isə jurnalistika fakültəsinin tələbəsiyəm, mətbuat işçisi olacam deyə özümü dünyanın xoşbəxti sayırdım. Elə bu səbəbdən də Akif müəllim mənim müəllimim stoluna əyləşincə onun kim olduğunu tələbə yoldaşlarıma elan etdim. Təbii ki, bu Akif Aşirliya xoş gəldi. Üzümə gülümsədi və dedi ki, “Zəhmət olmasa əyləş, səninlə hələ çox söhbət edəcəyik.” O gündən mən Akif Aşırlıya “MÜƏLLİMİM” deməyə başladım. Özüm də bilmədən bütün müəllimlərimə “müəllim” deməyimə baxmayaraq Akif müəllimə “müəllimim” deyə xitab edirdim. Üstündən 14 il ötməsinə baxmayaraq yenə də Akif Aşırlını görəndə ona “müəllimim” deyirəm. Düz 14 ildi mən bu insanı şəxsən tanıyıram 14 ildi ki, bu mediya nəhəngi dəyişilmir. Məqsədi bir, amalı bir, hətta xarici görünüşü də eyni ilə mənim müəllimim qalıb. Bu 14 ildə ən pis və ən yaxşı günümdə ilk qapısını döydüyüm Akif Aşırlı olub. Hər dəfə də “Mən ilk gündə səni auditoriyada görəndə demişdim də qocaq qızsan” deyib, mənə yol göstərib. Yazımın bu hissəsində, əzizlərimiz, keçirəm müəllimimə xitab etməyə.

Müəllimim, deyirlər 50–ni haqlayırsan. (Əllini rəqəmlə yazıram ki, dəqiq əlli olduğuna özümü də inandırım.)

İlk öncə 50 – in mübarək.

Əlli yaş ömrün ən gözəl çağıdı məncə. Bu vəziyyətdə tələbəniz yenə də sizə bənzəmək istəyir. Övladın “Şərq”-in bir az çətinlikləri var. Nə gözəldi ki, “Şərq”-in dərdini təkcə sən deyil bütün ziyalılar çəkir. Hamımız günlərdi ki, “Şərq” deyirik. Sən sözün əsil mənasında “Şərq” qəzetinlə şərq adamını yetişdirmisənmiş. İlk tanışlığımız günündə mənə, adi bir tələbəyə qəzetində “Qaralama” adlı səhifə ayırdın və dedin: “Şərq sizindi”. Bəli Akif müəllim bu gün “Şərq” bizimdi. Bu gün mən də “Şərq”-i oxu kanpanıuasına qoşuluram. “Şərq”-ə abunə oluram. Buna “Şərq”-in ehtiyacı var deyə etmirəm. Buna mənim ehtiyacım var. İndi internet mediyasına başımız qarışıb və bu bizim həm səhəttimizə həm də mənəviyyatımıza zərbə vurur. Bəlkə də mənim bir xəbər saytının təsisçisi kimi bunu deməyim bir az düzgün qarşılanmayacaq. Amma tam səmimi deyirəm ki, şəxsən mənim qəzet oxumağa ehtiyacım var. Qəzetçilik əziyyətli işdi əziyyətli olduğu kimi də çox şərəfli işdi. Sizi şərəfli iş sahibi kimi növbəti on ilinizdə, yəni 60-ı haqlayanda da təbrik etmək arzuları ilə təbrik edir tələbəniz Günay Novruz

Akif müəllimlə çox şəklimiz var. Bu şəkillərin isə mənim üçün xüsusi anlamı var. Şəkildə müəllimim və müəlimimin müəlliməsi yer alıb.

← Ana səhifəyə qayıt