← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

DAHA OLMAZ

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Etüd /

DAHA OLMAZ

Evimizin qarşısında bir küknar ağacı var idi. Mən o ağacı heç xoşlamırdım. O ağacla qarşı-qarşıya durub həmişə dalaşırdım. Mənə elə gəlirdi ki, dünyada nifrət etdiyim insanların simasıdı bu ağac. Hər gün acığımı ona su kimi içirdim. O, indi mənim gözlərim önündə bədxah insan idi. Bizim evin qarşısında bir ağac da var. Çinar ağacıdı o. Mən hələ uşaqlıqdan bütün uğurlarımı çinara danışmağı vərdiş etmişəm. Mən çinarla o qədər şanlı-şöhrətli günlərimi bölüşmüşəm ki, küknar bunları görüb, onun bir addımındaca içini didib-töküb. Mən bunun fərqinə belə varmamışam. Mən nə qədər də biganəyəmmiş, İlahi. Küknar nə qədər də paxıl imiş, İlahi. Dünən gecə yenə də küknarla dalaşdım. Bütün dərd-sərimi ona danışdım və heç nə olmamış kimi başımı balışa atıb yatdım. Rahat idim, ürəyim sakit idi. Şirin bir yuxu məni alıb apardı. Dünyada olan və olmayan bütün gözəllikləri gördüm bu gecə. Yuxunun ən şirin anında küknarı böyrü üstə yıxılan gördüm. Yox onu yuxuda görmədim. O, həqiqətən də yıxılmışdı. Çünki onu mən axşamdan gecəyə qədər məzəmmət etmişdim. Yeri gəldikcə mən ona «öl» də demişdim. İndi isə o, ölmüşdü. İndi böyrü üstə idi küknar. Çinarın ayaqları altında idi. Mən də yuxudan onun səs-küylə yerə yıxılmasına dik atılıb oyanmışdım. Ona zövqlə tamaşa edirdim. Onu şaqqaladılar, qol-qanadını kəsdilər. Onu hind ölüsü kimi odlayacaqdılar. Yox, yox mən onun istisinə qızınmaram. Çünki mən onu sevmirdim. Elə indi də sevmirəm. Onun zahiri məni qane etmirdi. O, hər gün məni sallaq-sullaq qaməti ilə məyus edirdi. Mən də ona zahirinə görə nifrət edirdim. Bəs daxili necə, qane edici idimi? Yəqin ki, məndən və bənzəmək istədiyim çinardan da zəif idi. Çünki o, paxıllıqdan və məzəmmətdən dözməyib intihar etmişdi. Dünyadan dünyaya canı sulu gedirdi. Bəs necə oldu ki, o, özünü gənc ikən küləyə qurban etdi? Axı mümkün deyildi. Bu gecə bütün mümkün olmayacaqlar mümkün olacaqdı. Çünki bu gecə payızın son gecəsi idi. Payız tilsimi kimi küknar da sındı bu gecə. Xəyallara dalmışdım bayaqdan. Birdən anamın səsini eşitdim. O məni haylayıb dedi: «Gözün aydın, axır ki, küknar yıxıldı yerə» Mən anamın dediklərinə inanmadım. Mənə elə gəldi ki, bu gecə yuxu görmüşəm. Sonra isə anamın küknarın yıxılmasını sevincək qarşılaması məni yaman narahat etdi. Yəni anam həqiqətənmi küknarın yıxılmasına sevinir? Daha sonra isə yadıma küknarla söhbətləşməyim və anamın bunu dəfələrlə görməyi düşdü. Hə, anam ona görə sevinirdi ki, mən daha küknarla danışmayacağam, mən daha hirslənməyəcəyəm, bəlkə də ona görə sevinirdi ki, mən daha küknara deyə bilməyəcəklərimi anama deyəcəyəm. Amma anam bilmirdi ki, mən bundan belə çinarla danışacağam. Düzdür, daha hirslənmək, kədərlənmək olmaz. Əgər olsa mənim sözümü deyəcəyim çinarım da günlərin bir günü olmaz.