SON MƏKTUB
Mən səni sevmişdim illər öncə. İsti yay günləri sevgimizin ilk şahidi olmuşdu. İllər ötdü, həsrət, hicran qapımızı döydü. Payız tilsimi ayırdı bizi – mən ağladım. Sən əsgər getdin. Amma ağlayan təkcə mən deyildim. Sanki təbiət də dərdimə şərik çıxmağa çalışırdı. Payız küləkləri xəzan olmuş yarpaqlarla birgə ah çəkirdi. Mən isə qəlbimdə elə hey «getmə» deyirdim. O zaman mənə elə gəlirdi ki, səni daha görməyəcəyəm. Qorxurdum. Sanki gözlərinlə deyirdin mənə, ay nazlı dilbərim, nədi, nə olub, qorxma qayıdacağam. Eh, mənim başı bəlalı sevgilim, sən ki, qayıdacağam, məni gözlə demişdin? Deyirdin: «Darıxma, sevgilim, mən hər zaman səninləyəm. Bu, vətənə borcumdur. Onu layiqincə ödəmək mənim işim, sənin isə baş ucalığındı. Gözlə məni, gələcəyəm» – deyə-deyə getdin. Aylar mənim səni gözləməyimlə keçərkən, səninlə yazılı şəkildə söhbətləşirdik. Hər bir məktubun sonunda da məndən səni gözləməyimi xahiş edirdin. Burada üzbəüz deyə bilmədiyin ifadələrin sonu «gözlə məni hər bir şey yaxşı olacaq» sözləri ilə bitirdi. O gündən ki, sən əsgər getmişdin, gözlərim yollara dikilmişdi. Bir narahatlıq keçirdi içimdən qorxu ilə birgə. Qorxduğum günlərin bir gecəsində yuxuma gəldin. Qəribə bir görünüşlə «məni gözlə, gözlə» deyib qeyb oldun. Oyandım, qaranlıq, zülmət otağın divarları sənin səsin ilə «Gözlə məni, gələcəm. Özü də tezliklə gələcəm, gələcəm» – dedi mənə. Ara-sıra sənin belə zarafatlarınla rastlaşmışdım. Bunu da növbəti zarafatın kimi hesaba aldım, ay mənim başıbəlalı sevgilim. Nə biləydim ki, bu gecə sən mənə «gələcəm» deyə-deyə dünyadan gedirsən. Nə biləydim…
Nəhayət, o şaxtalı qış gecəsi səhər açıldı. Gecədən səhərə qədər yata bilməyən mən dərin bir yuxuya daldım. Elə bir yuxuya ki, səni hər kəsdən gözəl göstərdi, səni mənə yenidən sevdirdi. Hə, bu gün əvvəlki günlərdən fərqli olacaq. Çox arxayın idim… bütün rəfiqələrimə sənin necə də yaraşıqlı olduğunu və səni sevməkdə haqlı olduğumu anlatacaq qədər arxayın idim. Rəfiqələrimdən biri səni röyada ağ libasda, siması gözəl təsvir edəndə məyus bir vəziyyət aldı. Bunun fərqinə belə varmayan mən bu gün çox xoşbəxt idim. Hətta, hamıdan xoşbəxt. Tezliklə gecənin gəlişini gözləyirdim, səni görmək üçün. Bəli, növbəti səhərin gecəsi gəldi, mən də səni bir sabahın gecəsində gördüm. Amma bu dəfə yuxuda deyildin. Heç mən də yatmamışdım. Evdə oturub səni düşünərkən qəfildən bir səs eşitdim – kim isə ağlayır «Oğlum, oğlum» – deyə qışqırırdı. Özüm-özlüyümdə müəyyən etdim ki, bu qonşumuz Zəhra xalanın səsidi. Sonra canımdan qəribə bir üşütmə keçdi. «Zəhra xalanın bir oğlu var da»… deyə-deyə qapıdan çıxdım. Evimizin qarşısında məni qarşılayan gecənin zülməti, qonşuların hərarəti, bir də sənin cənazən oldu. Bu an yuxularım keçdi xəylımdan. Birdən rəfiqəmi gördüm. O yenə də məyus idi. İndi burada təkcə rəfiqəm deyil, bütün qonşular duruxub qalmışdı. Bircə Zəhra xala mənə yaxınlaşdı: «Oğlum getdi, qızım, mənim oğlum sənsən» – dedi. Mən isə, «Anacan» – dedim, sənin üzünü açdım. Bəli o, həqiqətən də sən deyildin. Əgər sən olsaydın, mənə «məni gözlə» deyərdin. Demədin. Nə səsin eşidildi, nə də gözlərin açıldı ki, bunun sən olduğuna inanım. Sonralar əsgər yoldaşların daim məni düşünüb köks ötürdüyünü və «biz onsuz da qismət olmayacağıq» dediyini bildirdilər. Bəli, sən mənim qismətim olmadın. Qismət torpağın imiş, amma mən səni hələ də sevirəm. Arxayın yat, sevgilim.