“Xoxan” kitabı 2009 – cu ildə “SSPrint” tərəfindən Bakı şəhərində cap olunmuşdur. Kitabın redaktoru: Dilsuz , korrektoru: Səttar Laçın, Türkiyə türkcəsinə çeviricisi: Oktay Hacımısalı, rəssamı isə Cabbar Heydərov olmuşdurlar. Kitab müəllifin ilk kitabı olduğundan bütün yazılara əsil sənət əsəri kimi baxılmamalıdı. Müəllifin elə yazıları vardır ki, məktəb illərində elələri də vardır ki, unverisitet tələbəsi olduğu illərdə yazılıb.
ÖN SÖZ
Sənətə, ədəbi aləmə, özünə. Sözünə, gücünə inananlar gəlir Günay xanım. Bu yol sıfırdan sonsuzluğacan uzanır. Bəzən uduzur, bəzən də ədəbi şöhrətə qovuşub ölməzlik qazanır, Günay xanım. Mən sənin titrək səsinlə oxuduğun mənsur şerləri dinlədikcə hər birində sənət işığı, sənət qığılcımı görmüşəm, əziz qızım. Tələbələrim arasında səndə cəsarət və doğmalıq həmişə məni düşündürüb ki, görəsən bu qız sənət yolunda olan ağrı-acılara dözəcəkmi? Qəzetlərdə çıxan kiçik yazılarını oxuduqca düşünmüşəm ki, bu səndə (bəzilərində olduğu kimi) ötəri həvəs deyil. İlk kitab hələ ilk addımdı, mənim balam. Mürəkkəb dünyamızın ağrılı-acılı sənət yolları gözləyir səni. Gündüzlərin-gecələrin həyəcanlı çalışmaq anları, yaratmaq həvəsi gözləyir səni. Bir vaxt mən də ilk kitabın sevincini duymuşam. İlk kitab hələ heç nə deməsə də səndəki cəsarətə, çalışma əzminə, böyük həvəsə inanıram. İnanıram ki, «Dağlı» təxəllüsü seçmiş əsmər üzlü, kövrək sözlü Günayım istəyinə nail olacaq. Sənə uğur və sadət arzulayan müəllimin.
Dəmir Gədəbəyli.
SON SÖZ
Gələcəyimizin dağ vüqarlı sənətçisi
Gənc yazarların içərisində özünəməxsus yer olan, bir çox üstünlükləri ilə seçilən Günay Dağlı, mətbuatda tanıdığım elə ilk gündən nəzərimi cəlb etmişdi. Şerlərindəki poetik deyimlər, mövzu rəngarəngliyi hər zaman olduğu kimi insanı özünə çəkir və qarşısında saxlamağı bacarır.
Düşündürücü və bəzən də şəraitli poetik fəlsəfi fikirlər ətrafında insanı poeziyyanın tamam başqa bir aləminə çəkib aparan şeirlər, Günayın fitri istedadından və yüksək bacarığından xəbər verir. Bəzən hansısa bir rəssam əlinin olmasına şübhə edirsən. Çünki belə şeirlər bacarıqlı rəssam fırçasından çıxan ən dəyərli sənət nümunəsinə bənzəyir. Baxdıqca, baxırsan. Bəlkə də Günay həm də yaxşı rəssamdı, xəbərimiz yoxdu. Əslində isə gözəl və bacarıqlı şairdir. Günyaın bir çox mövzuda toxunduğu publisistik yazıları da gənc bir qızın həyata baxışına, dünyagörüşünə müsbət mənada aydınlığı ilə seçilir. İstər ictimai, istər ədəbi sahədə fikir və mülahizələrini, tənqidi açıqlamalarını mətbuat səhifələrində çəkinmədən dərc etdirməklə, öz jurnalist peşəsinə sadiq qalmağı və bu ənənəni qorumağı bacaran Günay Dağlı, sözün həqiqi mənasında peşəkar sənətkarlığa doğru cəsarətlə addımlayır. O, öz əqidəsinə, bacarığına arxayınlıqla həyata keçirdiyi hər bir fikrin yüksəkliyində bu günün, sabahın yollarını açıq-aşkar görməyi bacarır. Radio dalğalarında ədəbi verilişlərin aparıcısı kimi dinləyicilərin sevimlisinə çevrilən, səsindəki məlahətlilik, aparıcılıq qabiliyyəti Günayın çoxşaxəli inkişafından xəbər verir. Bundan başqa TƏB (Turan Ədəbi Birliyinin) yaradıcılarından biri kimi, bir çox ədəbi görüşlərin keçirilməsində yaxından iştirakı və görüşlərin aparıcılıq missiyasını öz üzərinə götürən və məharətlə öhdəsindən gələn Günay Dağlı, ədəbi mühitdə tanınmış qələm sahiblərinin böyük hörmətini və məhəbbətini qazanmışdır. Gənc bir qızın ədəbi-ictimai və mətbu sahədə bu qədər böyük uuğurları, öz üzərində mükəmməl çalışması və eyni zamanda özünə qarşı tələbkar yanaşmasıdır. Məhz bu baxımdan Günay gənc yazarlara bir nümunə kimi örnək ola bilər. Bəzi vaxt əsəbi, bəzi vaxt narahat görünən Günayı başa düşmək çətin deyildir. O, bu zamanın haqsızlığına çox vaxt biganə qala bilmədiyindən barışmaz mövqedə qlaraq, həyatının narahat anlarını yaşamağa məcbur olur. Bu isə həyatı bahasına başa gəlsə də, qələminə, insanlığına sadiqliyindən onu döndərə bilmir. L.Tolstoy yazırdı: «Həyat hər kəs üçün qiymətlidir. Onu şərəflə yaşamaq isə daha qiymətlidir» Bu mənada həyatını şərəflə yaşamağı daha üstün bilən Günay Dağlı, həm şair, həm publisist, və həm də bir jurnalist kimi tutduğu peşəsinin yolunda çox məsuliyyətlə və ləyaqətlə irəliləyir. Bu irəliləyiş elə düşünürəm ki, onu sənətkarlığın zirvəsinə aparıb çıxaracaq. Çünki insanlığı, əlaxüsus da inadkarlığı, qüruru, özünə inamı bunu deməyə sövq edir ki, Günay həqiqətən bu zamanın nəbzini tutmağı, xalqın, ictimaiyyətin ürəyinə yol tapmağı bacaran sənətçidir.
Bacarığın tükənməz yolların açıq-aydın olsun, Günay. Daşıdığın «Dağlı» təxəllüsü sənin bir dağlı kimi vüqarlı olmağına işarədir. Vüqarın əyilməz, ilqarın dönməz olsun, deyirəm. Sənət yollarında sönməz işıqlar arzusuyla.
Nəcibə İlkin
AYB-nin üzvü. «Azad Qələm» qəzetinin baş redaktoru.
Şairə-publisist.