← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

DÜNYA ADLI PƏNCƏRƏ

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Publisistika /

DÜNYA ADLI PƏNCƏRƏ

Dəniz kənarı, Sahilə doğru hərəkət edən dalğalar bir mən. Xayallara dalıram. Xəyallarla dalğaların arxasınca qaçır geriyə qayıtdıqda isə qorxuram. Qorxuram ki, böyük su axını məni də özüylə alıb aparsın. Yenidən suya bir də quruya baxıram. Əllərim əqlimi üstələyir, əqlimdən cəld hərəkət edir. Torpağı bərk-bərk ovcuna sıxır. Bir zaman söykəndiyim dağları indi torpaq əvəz edir. Birdən qəribə bir hiss məni qucağına alır. Xəyallarım ucalır. Dəniz təki təlatümlü olmaq danışmaq istəyirəm sayaq. Amma yağışın yağmağı, ildırımın çaxmağı, göyün yerə yarı parçası kimi həsrətlə baxmağı məni yenidən düşündürür. Dünya adlı bir pəncərə haqqında düşünürəm bu dəfə. Onun iki parçaya bölünməsi, bu ikiparçanın bir-birinə necə həsrətlə baxması mənə sevgililərin baxışlarını xatırladır. Yer ilə göy arasında bütün çirkinliklərin məhv olmasını da məhz sevən insanların gözlərində görmək olar. Sanki saf məhəbbət sevən insanın gözlərinə də saflıq işığı gətirmiş olur. Əslində insan dünyaya gəldiyi gündən sevir. Ana məhəbbətindən dünyaya gəlmək, onun məhəbbətini qazanmaq bəşər tarixi mövcud olduğu gündən insanlıq üçün ən əsas meyardır. Şair demişkən:

Beləcə yaranıb bəşər qədimdən,
Doğulduq analar məhəbbətindən
Tək bircə anaların kin, nifrətindən,
Onların hirsindən qoruyun məni.

İnsanın hər bir atdığı addım, etdiyi hərəkət onun iç dünyasını müəyyən qədər açıq göstərmiş olur. Hər bir insan atdığı addımlarla dünya adlı pəncərədən baxıb keçir. Əslində hər kəs bu pəncərədən elə şərəflə baxmalıdır ki, keçib getdikdən sonra da iz qoymuş olsun. İz qoyaraq yaşamaq, səni dünyaya gətirənlərin adını yaşatmaq insan ömrünü zənginləşdirər, daha da gözəlləşdirər. Əgər sən kiminsə adını yaşatmaq-etimadını doğrultmaq uğrunda mübarizə edərsənsə bir zaman sənin adını yaşadanlar tapılar. Bunun üçün isə gün keçirmək yox yaşamaq gərəkdir. Mən də bu günü yaşadım. Günü keçirdim. Amma mənalı, gözəlliklərlə əhatələnmiş şəkildə. Xəyallara daldım, dalıb ilham aldım. Məhz ona görə ki, xəzərin hər dalğası bir kişnəyən bəyaz yalın at kimi, elə bizim bu həyat kimi. Bu fikirlər, bu düşüncələr hər biri sahilin gözəlliyindən, dalğaların coşqunluğundan ilhamlanırdı. Amma artıq saat keçir, gün enməyə doğru idi. Mən isə növbəti dəfə sirli ümmana necə və nə cür əlvida deyəcəyimi düşünürdüm. Bir təhər sağollaşdıq. Dəniz gecə pıçıltısı ilə mənə get, yolun açıq olsun, mən isə gecən xeyrə qalsın deyib, sirdaşımla vidalaşdım. Evə qayıtdığım yol boyu sahilin gözəlliyi, saflığı məni müşaiət edirdi. Özüm də bilmədən ömrümdən dəqiqələr-saatlar ötüb keçdi. Bu gün də mənim ömür tarixçəmə bir adi gün kimi daxil oldu. Hər gün isə mənə zövq verən kişnəyən bəyaz dalğalar bir də aramla ötüb keçən karvandır. Əslində biz insanlar da bu karvanda sarvanımıza şükür edərək onun arxasınca gedirik. Dünya adlı pəncərədən baxıb, keçirik.