← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Ovcumun içində kəsik ömür

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Şeirlər /

Ovcumun içində kəsik ömür

Ovcumun içində kəsik bir ömür,

Alnımın üstündə taleh yolları.

Ovcumun içində bir ulduz sönür,

Dönür başımda sevdalar dönür.

Alnımın cızıqları izahsız, şərhsiz

Mənə ömür yaşadır tənha kimsəsiz.

Ovcumun içində qorxulu yollar

-çəkilib gedir qəliz-qəliz.

Onu izah edən qaraçıya bax

«bax bu ömür yolundu

ən qısa yol»

Deyib başıma isti su töktü.

«bu da məhəbbət yolundu

ən uzun yol».

Dedi dünyam tərsinə döndü.

Dirəndi ovcum alnıma yenə,

Bələndi arzular bələndi yenə.

Bir gün mənsiz olacaq bələklərə,

Sarılıb ağlamaq gəldi əlimə

 Səni sevdiyimi ağlayıb bəyan edim.