← Günay Novruz — ana səhifə
Ədəbiyyat / Kitab arxivi

Bu gün

Müəllif: Günay Novruz · Xoxan — ilk kitabım / Şeirlər /

Bu gün

Bir günün sabahı gəldin dünyaya,

Məni də sabah üçün doğdunmu, ana?

Sabahlar sabahı açıldı bu gün,

Yenə sən sabahı düşünürsən, ana.

Bəs haçan olacaq sabahın özü?

Bu günün özü?

Ki sən daha düşünməyəsən,

Qəm yeməyəsən.

Arzuladığın sabahı sağ ikən görəsən.

Yoxsa bəşərin arzusudu bu?

Sənin də gözündə qalacağmı o?

Əzizləmə ilə başladın laylama,

Sən nələr arzuladın mənə, ay ana?

Gör nələrə qadirdi övladın,

Sənin sabahın

Sabahki adın

Yenə arzuların qalaq-qalaqdı,

Yenə gözllərin sabah gözləyir

Yenə qalanıb arzu ocağın

Səni sabahki sabah gözləyir.

Məni də özünə sarvan etmisən,

Ömür yollarını karvan etmisən.

Arzuların düşübdü arxamca mənim

Qarşımda açılıb cənnət yolları.

Sənin duaların

Sənin istəyin

Mənə olubdu ömür yolları.

Bəs, indi istəyin nədi?

Sabahki günümüzün mövzusu nədi?

Bu sabahlar bitməyəcəkmi?

Bircə gün bu günü düşün,

Yaşa özün üçün-

özünü düşün.

Sabahı var ikən sabah düşünmə!..

Allah var ikən sabah düşünmə!..

Qoy dilin daim belə desin:

Bu gün, bu gün, bu gün.