ADIMIN YARI PARÇASI
Gözlərim gözünün içinə baxar,
Axar, o gözlərdən bir işıq axar.
Gözlərim gözünə sual ünvanlar,
Cavab kölgədə bir, gündə bir olar.
Yorular gözlərim dikilər yerə,
Qamaşar gözlərim, qapanar yenə.
Qorxar bəbəklərim sənin rəngindən
Çəkilməz əllər gözlərim üstündən.
Eyib etməz adımın yarı parçası,
Yer üzünün şövqü, ciyər parası,
Nazlana-nazlana dur öz yerində,
Dolanım başına mən milyon kərə.
****
Damarım içində şirin qan,
Qaralıb acılaşan,
Qaralıb savaşan,
Davakar qan
Damarım içində mehriban ana,
Damarım içində inadkar ata,
Tərbiyə verirlər bir övlada
Səcdə edirlər Qana,
Mənim damarıma, əsillərdən nəsillərə gedən yola…
Sağa…
Sola…