Bir yaz yağışı
Bir yaz gecəsi. Qaranlıq gecə…
Gözlərim ürəyim kimi dolub-boşaldı.
Gecə əyninə zülmət geyib
Məni, məni ağuşuna aldı.
Yerdən göyə ah ucaldı
Göydən yerə göz yaşları sərildi
Bir yaz yağışı
Dərdimə şərik yağış…
Bir yaz yağışı
Yağdı pıçıltı ilə
Sinəsini sipər etdi yerə.
Gəldi…
Getdi…
Mənim gəldiyim dünyaya getdi.
Bir yaz yağışı yağdı
Yoğruldu xəmir…
Mənim saxsı bədənli babalarım,
Mənim saxsı bədənli nənələrim,
Mənim saxsı bədənli olacaq nəvələrim
Mənim keçmişim, bu günüm, gələcəyim
Bir yaz yağışıdı.
Ondan ruh alır insan…
Odu damarlarımdan axan qan,
Bədənimə min naxış vuran,
Odu mənə verən can.
Torpağıma maya salan.
Məni dünyaya gətirib atam, anam,
Bəli mən insanam…
Adəməm…
Bəs, mənim doğum tarixim?…
Mən doğulmuşam?…
Bəlkə elə var idim?…
Atamın doğum tarixi?…
Yox babamın?…
Bəlkə babasının?…
Bəlkə də?…
Bir yaz yağışı
Sirri bilən tək varlıq…
Pıçıldadı:
Adəm yoğrulduğu gün yoğrulmusan,
Sən olmusan ilk insan,
Elə sən də qalmısan.
Səni dünyaya da sən gətirmisən.
Bir bədəndə ölmüş,
Bir bədəndə yaşamısan
Bir yaz yağışı təzələnib
Birində köhnəlmisən.
Bir yaz gecəsi.
Qaranlıq gecə…
Gözlərim ürəyim kimi dolub-boşaldı.
Gecə zülmümdən zülmət geydi
Məni, məni ağuşuna aldı.
Yerdən göyə ah ucaldı
Göydən yerə göz yaşları sərildi
Bir yaz yağışı
Mənə acı həqiqəti xəbər verdi
“Sən təzə deyilsən” dedi.
Yəni, yalanmı dedi?…