- Mənim dünyam
- Gəldim dünyaya bir adi ildə, bir adi gündə-fəsillərin ən gözəlində.
- İlk gündən, ilk andan, canımın ağrısından-üzümün yanğısından ağladım.
- Dəydi üzümə bir möhkəm sillə…
- -gətirdi məni dilə.
- Bir zərif əldən, qəfildən dəydi o sillə mənə.
- Od saldı körpə qəlbimə.
- Yana-yana axıtdım gözlərimdən yaşı.
- Dünyaya, zamana, insanlığa elan etdim döyüş-savaşı.
- Düz qırx gün baxdım dünyaya bir rəngdən.
- Ömrümün qırxıncı günündə işıq saçdı gözlərimə.
- Sonra öyrətdim gözümü dünya ışığına-rənglərin qarışığına.
- Sonra yaddan da çıxdı qəflət şilləsi. Dostlaşdım qoca dünya ilə.
- Birgə əlvida da dedik neçə-neçə fəslə-bir ilə.
- Simasını dəyişdi dünya.
- Əvvəl yay idi, indi qış oldu.
- Geydiyi libası-aldığı siması qar-yağış oldu.
- Yağış yağdıran qaranquş oldu .
- Beləcə öyrəndim simaları ayırmağı mən.
- Bir gün doyaraq əmdiyim süddən gördüm dünyanın ən əziz simasını. Lay-lay çalırdı beşiyim başında ən gözəl ana.
- Dünyanın ən gözəl nəğməsini də öyrəndim ondan.
- Sonra anladım ki, dünyaya da elə o gətirib məni.
- Suallar doğdu körpə qəlbimdə.
- Amma bacarmadım ki, dinim, danışım. Dalaşdım, danışdım elə qəlbimlə, qəlbimdə.
- Sonra qoca dünya ilə cavan ana dil öyrətdilər mənə.
- Çatdırdılar məni arzu-diləyimə. Başladım danışmağa, sual verməyə. Hər gördüyümü xəbər aldım “bu nədir”? deyə.
- Xəbər aldım. Sual verib cavab aldım.
- Amma yenə də özüm-özümdən narazı qaldım.
- Sonra bacı, qardaşlarımı yazan görüb arzu etdim: «kaş yazmağı bacaraydım».
- Bacardım…
- Bir gün yazmağı da öyrətdilər mənə. Qoca dünya ilə cavan ana, bir də müəllimə. İlk «ana» sözü yazdım, ilk «vətən» sözü yazdım.
- Sonra isə «ana vətən» yazdım.
- Beləcə başladı söz düzməyim.
- Bəzən yazdığımı məhv etdim…
- -bəzən də özüm-özümə qiymət verdim. Yazdığıma dünyanın ən gözəl yazısıdır dedim.
- Günlərin bir gün özümü tənqid etdim: «bir az da yaxşı yaz» dedim.
- Qoydum bu münvalla qarşıma məqsəd.
- Dedim ki, «yazar olacam mən». Böyütdü məni bu məqsədim.
- İndi bu yolla adımlayıram, indi sözdür mənim dünyam.
- Qıymadım
- İlk gündən, ilk andan qorxdum sənsiz qalmaqdan.
- Elə ilk gündən də sənsiz oldum, sənsiz qaldım.
- Qismətim sənsizlik oldu…
- Sevgim lal-kar oldu, dünyam da sakitlik-səssizlik oldu.
- Qulağım da sükutdan yoruldu.
- Canım-vücudum da sevdalılar dünyasından qovuldu.
- Məsgən saldım göylərdə-Allahın yanında-bəslədim səni öz ətimlə-qanımla saxladım səni öz ətində qanında-yaşatdım bu yazıq canımda.
- Sən yaşadın şad və xürrəm.
- Mən isə iki dünyanın arasında-bu dünyanın yarısında, o dünyanın yarısında biəlac sənə möhtac qaldım.
- Səni sevib, hisslərimə inandım.
- Aldandım…
- Gün gəldi ki, səni kəşf etdim, təmizliyinə əvvəl gündən inandığım kimi idin.
- Elə sən də mənim kimi mənə “mən səni sevmirəm” dedin.
- Hər ikimiz mümkünsüzlüyü-mənasızlığı dərk etdik.
- Güyaki, öz yolumuzla-düz yolumuzla getdik.
- Mən sənə “yolun açıq olsun” dedim.
- Sən mənə “xoşbəxt ol”.
- Mənim xoşbətçiliyim sənin əlində, sənin bədbəxtçiliyin mənim əlimdə.
- Mən sənə qıymadım, elə sən də…
- Bənövşə
- Adəm sevincindən göz yaşı töktü, sən gəldin dünyaya gözəl, bənövşə.
- Allahın əhvindən yaranan, çiçək, niyə belin belə bükük, bənövşə?
- Sən oldun dünyanın yaz ətirlisi, sən oldun məhəbbət əfsanəsi.
- Sən-sən dərdlilərin dərdindən xəbər, verirsən gözəlim, gülüm, bənövşə.
- Səninlə kimisi bəzənir, gülüm.
- Sənə bənzəmək istəyənlər də var.
- Sən də bar verdiycə başın aşağı, əyən sadəlöv gözəlsən-gözəl, bənövşə.
- Sənin ləcəklərin cənnət pərdəsi-belinin büküklüyü ibadətindi.
- O gözəl gözünün qara giləsi sənin sevilmək səadətindi.
- Sevincin adı ilə gəldin dünyaya, dərd bükdü belini bu dünyada.
- Qaldın o gündən bu günə, bu gündən sabaha-zamanın gərdişlərinə sən baxa-baxa.
- Vəsfinə min-min əhsən dedilər.
- Sən uymadın.
- Sənə “gözəlim” dedilər yenə uymadın.
- Sən gözəli gözəllərə bənzətdilər sən dinmədin.
- Hardandı səndə bu səbir, hardan de görüm?
- De mən də o qara gözlərinlə həyatımı görüm.
- Sənin kimi olmaq, sənə bənzəmək, ay gözəl çiçək, arzumdu Vallah.
- Ümüdüm qalmayib bil ki, sabaha gəl indi de sirrini. Qıraq bədbinliyin tilsimini.
- Daha bədbin olmayaq, gülüm bənövşə.
- Yağmadı ki, qar
- Günlər günləri yola saldı, aylar qarşıladı ayları, kainat fəsildən fəsilə keçdi-simasını dəyişdi.
- Dağlara qar düşdü, ümanlarda dalğalar döyüşdü-sahillərlə döyüşdü, göylər yerə baxıb bulud gözləri ilə ağladı-başına qara bağladı göylər.
- Göyüm göyüm göyüldədilər, ilim-ilim göy üzünü dələyənlər, məni də qöynədənlər.
- Mən arzuladığım qarı yağdırmadı göy üzünün sahibi.
- Mən onu uşağkən xəyalımda canlandırmışdım.
- O ağapağ idi.
- O yağıb, mənim dünyamda yeri göyü ağardacaqdı.
- Bəs, niyə o yağmadı.
- Dağ başında qar gördüm.
- Oralara yağmışdı, oralarda qışdı.
- Bəs bura?..
- Uzaqdan bəyaz idi dağların başı.
- Bənzəmək istədim o dağlara mən.
- Daş, heykəl oldum ki, bənzəyim, mənim də qar olsun baş tacım, bəzəyim-arzuma çatım.
- Yenə çatmadım…
- “Niyə yağmadı qar”? dedim xəyallar məni dalğalandırdı-alıb, apardı.
- Hər çatdığım insana da sual verdim “axı, niyə yağmadı qar”?
- Bir gün mənə göstərdilər qarı.
- “Budur arzuladığın qar” dedilər.
- Mən ona yenə də baxdım o qar deyildi.
- Mən gözlədiyim qarın hər zərəsi mələk teli olmalı idi, olacaqdı-yağacaqdı sonra da yer üzərinə yığılacaqdı. Nəhayyətdə, göydən gələn insan olacaqdı.
- Mələk gələcəkdi, peyğənbər gətirəcəkdi telər üstündə, tellər yığılacaqdı üst-üstə.
- Olmadı…
- Mənə göstərilən qar yerdən göyə buxarlanmış, göydən yerə yaxan çirkab idi.
- Nə olsun ki, zahiri ağ idi.
- Mən onu görüb məni itirdim, mənimi itirdim-mənim olacaq mənimi itirdim.
- Mənim xəyalımda canlandırdığım Allahın yanıdanmı gəlirdi o?
- Bəs əyninə niyə geymişdi vic-vicəli iblis donu?
- Birdən başımı tutub qişqirdim: “aman, Allah, gəldi dünyanın sonu”.
- Elə indicə küləyin fiyiltisin da mən “sur”-un səsi kimi eşitdim.
- Lənətlədim qışın gəlişini.
- Bir daha qış gəlməsin-olmasın dedim.
- Birdə məni məndən, səni məndən almasın dedim.
- Cünkü sən mənim xəyallar qəhramanı, canlandırdığım o bəyaz qarın özü idin.
- O qar sənin bədəninin sərələri idi.
- Dünyamız adlanan ana qucağında, torpağ üstündə sən dünyaya gələcəkdin.
- Mən səni özüm, öz əllərimlə yaradacağdım, elə qar da yağacaqdı, sən də mənim qar adamım olacağdın.
- Heç şüpəsiz ki, ömrün qısa olacaqdı.
- Mən də səndən doymayacaqdım, hər il qışın gəlişin gözləyəcəkdim, qarı-səni gözləyəcəkdim.
- Təssüff yağmadı qar, çin olmadı arzular.
- Mənim ömrümə gəldi qış, getdi bahar.
- Yağmadı ki, qar…
Ədəbiyyat / Kitab arxivi